York şahzadəsi Evgeniya atası Şahzadə Endryu ilə əlaqəni kəsib. Buna səbəb onun ünvanına azyaşlı qıza qarşı seksual zorakılıq ittihamlarının səsləndirilməsi və qalmaqallı milyarder Jeffrey Epsteinlə əlaqələri olub. Bu barədə The Daily Mail yazır.
Məqalədə bildirilir ki, insan alveri və cinsi istismara qarşı mübarizə aparan kollektivin təsisçilərindən olan şahzadə, atasının Epsteinin qurbanları qarşısında üzr istəməkdən imtina etməsinə mənfi yanaşır. Nəşrin iddiasına görə, Evgeniya hazırda atası ilə ünsiyyət saxlamır.
Qeyd olunur ki, Evgeniya Milad bayramında atasını ziyarət etməyib. Münasibətlərin kəsilməsi, Epstein qalmaqalı səbəbindən artıq kral ailəsindən kənarlaşdırılmış Endryu üçün əlavə nüfuz itkisi kimi qiymətləndirilir.
Eyni zamanda, şahzadənin böyük qızı Şahzadə Beatris atası ilə əlaqəni davam etdirir və kral ailəsindəki reputasiyasını qoruyur.
Ötən ilin oktyabrında Kral Çarlz III Epstein qalmaqalı fonunda Şahzadə Endryunu bütün titullardan və imtiyazlardan məhrum edib, həmçinin onun kral iqamətgahından çıxarılması barədə qərar verib. Monarx qardaşına “Royal Lodge” malikanəsinin icarəsindən imtina edərək başqa şəxsi yaşayış yerinə köçməsinin vacibliyini də rəsmi şəkildə bildirib.

