Almaniyanın paytaxtı Berlində “Rheinmetall” şirkətinə və Almaniyanın İsrailə silah tədarükünə qarşı kütləvi etiraz aksiyası keçirilib.
“Silahsız Wedding — birlikdə müharibəyə qarşı” şüarı altında təşkil olunan aksiyaya minlərlə insan qatılıb. Nümayişçilər Gesundbrunnen metro stansiyasının yaxınlığında toplaşıblar.
Aksiya başlamazdan əvvəl Bosniya və Herseqovinanın şərqində yerləşən Srebrenitsada 8 min 372 bosniyalı mülki şəxsin qətlə yetirildiyi soyqırımın 31-ci ildönümü münasibətilə bir dəqiqəlik sükut elan olunub.
Daha sonra iştirakçılar Wedding rayonunda yerləşən “Rheinmetall” zavoduna doğru yürüş ediblər.

Nümayişçilər üzərində “Silahlar insanları öldürmür, Rheinmetall öldürür”, “Qatilə qatil demək lazımdır”, “Rheinmetall Wedding-dən çıxsın”, “Soyqırımı dayandırın”, “Soyqırımla ittifaq olmaz”, “Qəzzanı qoruyun”, “Berlin, Osnabrük və digər şəhərlərdən silah göndərilməsin” və “Soyqırımdan qazanc əldə etmək olmaz” şüarlarının yazıldığı plakatlar qaldırıblar.
Aksiya zamanı “Fələstinə azadlıq”, “Fələstin azad olana qədər mübarizə davam edəcək”, “Almaniya silah verir, İsrail öldürür” və “Yeganə yol müqavimətdir” kimi şüarlar səsləndirilib.
Nümayiş zamanı gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb. Polis aksiyaya sərt müdaxilə edib və çox sayda iştirakçı saxlanılıb.

