Almaniyanın kansleri Fridrix Mers bildirib ki, ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasının bəzi müddəaları Avropa üçün qəbuledilməzdir.
Bu barədə o, Reynland-Pfals federal torpağına səfəri zamanı keçirdiyi mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, sənədin məzmunu onu heç də təəccübləndirməyib.
“Ötən həftə oxuduqlarımız, təxminən, ABŞ vitse-prezidenti Vensin fevralda Münhen Təhlükəsizlik Konfransında dediklərinə uyğundur. Bunun bir hissəsi anlaşılandır, bir hissəsi izah edilə bilər, amma Avropa baxımından bəzi məqamlar bizim üçün qəbuledilməzdir”, — deyə Mers vurğulayıb.
Kansler qeyd edib ki, ABŞ-ın Avropada demokratiyanı “xilas etməyə çalışmasına ehtiyac yoxdur”.
Bununla yanaşı, Mers bildirib ki, bu strateji sənəd Avropa İttifaqının təhlükəsizlik siyasətində ABŞ-dan daha müstəqil olması lazım gəldiyi barədə onun fikirlərini təsdiqləyir.

