Belçikada illərdir sirr kimi qalan kral ailəsi hekayəsi rəsmiləşib. 26 yaşlı Clément Vandenkerckhove Belçika kralı Philippe-in qardaşı Şahzadə Laurent-in oğlu kimi rəsmən tanınıb və Belçika şahzadəsi titulunu əldə edib.
Məlumata görə, ata-oğul arasında aparılan DNT testi 99,5 faizlik uyğunluq göstərib. Laurent isə hələ 2025-ci ilin sentyabrında Clémentin bioloji atası olduğunu ictimaiyyətə açıqlamışdı. Atalığın hüquqi tanınması bu ilin fevralında bələdiyyədə keçirilən qısa prosedur zamanı rəsmiləşdirilib.
Clément 2000-ci ildə belçikalı müğənni və keçmiş model Iris Vandenkerckhovenin oğlu olaraq dünyaya gəlib. Onun anası Wendy Van Wanten səhnə adı ilə tanınır və 1990-cı illərdə Şahzadə Laurent ilə münasibətdə olub. Clément atasının kimliyini 16 yaşında öyrənib, dörd il sonra isə Laurent ilə əlaqə yaradıb.
Gəncin hekayəsini daha da qeyri-adi edən məqam onun illərlə adi həyat yaşamasıdır. Clément avtomobil satıcısı kimi çalışıb və qrafik dizayn təhsili alıb. Atalığın rəsmən tanınmasından sonra isə hüquqi baxımdan kral ailəsinin üzvünə çevrilib.
Yeni titul ona dövlət maaşı, rəsmi kral vəzifəsi və ya taxta varislik hüququ vermir. Bununla belə, Clément atasının şəxsi əmlakından Şahzadə Laurent-in digər üç övladı – Louise, Nicolas və Aymeric ilə bərabər miras payına sahib olacaq.
Clémentin qarşısında atasının ailə soyadı olan Saxe-Coburg soyadını götürmək imkanı da var. Lakin o, anasının soyadına bağlı olduğunu və Vandenkerckhove soyadını dəyişmək istəmədiyini bildirib.
Bu hadisə Belçika kral ailəsində daha əvvəl yaşanan oxşar prosesi də xatırladıb. Keçmiş kral Albert II uzun illər Delphine Boëli qızı kimi tanımamış, yalnız hüquqi prosesdən sonra atalığı qəbul etmişdi.




