ABŞ-ın sabiq prezidenti Co Baydenin oğlu Hanter Baydenin qızının anası alimentlərin ödənilməməsinə görə onun həbsini tələb edir.
Bu barədə Daily Mail nəşri məlumat yayıb.
Bildirilir ki, 2018-ci ildə Baydenin nikahdankənar övladı olduğu üzə çıxıb. Lunden Aleksis Roberts adlı qadın Hanterdən uşaq dünyaya gətirdiyini bəyan edərək atalığın tanınması üçün məhkəməyə müraciət edib. Hanter Bayden Roberts ilə hər hansı münasibəti inkar etsə də, 2019-cu ilin noyabrında aparılan DNT testi onun atalıq faktını təsdiqləyib. 2020-ci ilin yanvarında Baydenin oğlu qadınla razılaşmaya gedib. Məhkəmə qərarına əsasən, Hanter hər ay aliment ödəməli, yığılıb qalmış borcu bağlamalı və uşağın anasının məhkəmə xərclərini ödəməli idi.
Məqalədə deyilir:
“Hanter Baydenin uşağının anası Arkanzas ştatında hakimdən alimentlə bağlı razılaşmanın yerinə yetirilməməsinə görə onun həbsini xahiş edir. 34 yaşlı Roberts hakimin ünvanına şikayət ərizəsi təqdim edərək aliment işi üzrə prosesi yenidən açıb.”
Roberts həmçinin bildirib ki, Bayden qızı ilə əlaqə saxlamır.

