İngiltərə kral ailəsində eyni geyimi dəfələrlə geyinmək sadəcə şəxsi seçim deyil, ənənədir. Bu vərdiş ictimaiyyət tərəfindən vergi hesabına maliyyələşən ailənin israfçılıq etmədiyinin göstəricisi kimi qəbul olunur.
2022-ci ildə anası Kraliça II Elizabetin vəfatından sonra taxta çıxan Kral Çarlz III, 40 ildən artıqdır geyindiyi qəhvəyi tüvit paltosu ilə bu ənənəni davam etdirir. Bu seçim eyni zamanda onun davamlı moda məsələsinə həssas yanaşmasını əks etdirir.
77 yaşlı kralın qarderobu yalnız bu paltodan ibarət olmasa da, Çarlz 1980-ci illərdən etibarən müxtəlif rəsmi və qeyri-rəsmi tədbirlərdə həmin paltonu mütəmadi olaraq geyinib. Palto ilk dəfə 1986-cı ildə Şahzadə Diana və o vaxt körpə olan oğlu Şahzadə Harri ilə Sandringemdə çəkilmiş fotoda diqqət çəkib.

Həmin palto 1994-cü ildə kilsə ziyarətində, 1996-cı ildə Sürixdə xizək tətili zamanı, 1998 və 1999-cu illərdə isə Sandringemdə Milad mərasimlərində geyinilib. 2000-ci illərdə də müxtəlif tədbirlərdə görünən bu geyim, ötən ilin dekabr və bu ilin yanvarında iştirak etdiyi rəsmi proqramlarda da kralın seçimi olub.

Kral Çarlz birdəfəlik moda axınlarına qarşı mövqeyini 2020-ci ildə verdiyi müsahibədə də açıq şəkildə ifadə etmişdi. O, köhnəlmiş və ya zədələnmiş ayaqqabı və geyimlərini atmaq əvəzinə təmir etdirdiyini, uşaqlıqda Şotlandiyada ayaqqabı ustalarının altlıqları yeniləməsini maraqla izlədiyini xatırladıb.

Bu yanaşma təkcə stil seçimi deyil, davamlı və məsuliyyətli həyat fəlsəfəsinin simvolu kimi önə çıxır.

