Bu dəfə İrandan ABŞ Prezidenti Donald Trampa deyil, onun həyat yoldaşı Melaniya Trampa və oğlu Barron Trampa yönələn təhdid mesajı yayılıb.
İran İnqilab Keşikçiləri Korpusuna yaxınlığı ilə tanınan “Tasnim” agentliyinin “Telegram” hesabında Melaniya Trampın gündəlik həyatı, tez-tez olduğu məkanlar və alış-veriş etdiyi mağazalar barədə olduğu iddia edilən məlumatlar paylaşılıb.
Həmçinin Barron Trampa qarşı təhdid məzmunlu video yayımlanıb. Videonun sonunda ona ünvanlanan “Bizi gözləsin” ifadəsinin yer aldığı bildirilir.
Bundan əvvəl İsrail kəşfiyyatının İranın Donald Trampa qarşı yeni və konkret sui-qəsd planı hazırladığına dair məlumatı Vaşinqtona ötürdüyü iddia edilmişdi.
ABŞ mediasının məlumatına görə, sözügedən xəbərdarlıq əvvəllər izlənilən ümumi təhdidlərdən fərqli olaraq, yeni və konkret plana işarə edib.
CNN anonim mənbələrə istinadən Vaşinqtonun uzun müddətdir Trampa qarşı mümkün sui-qəsd planları barədə mütəmadi kəşfiyyat məlumatları aldığını yazıb. Lakin İsraildən daxil olan son məlumatın əvvəlkilərdən fərqli olduğu və konkret sui-qəsd hazırlığını ehtiva etdiyi vurğulanıb.
“The Wall Street Journal” da anonim mənbələrə əsaslanaraq İsrail kəşfiyyatının İrana aid yeni sui-qəsd planı barədə məlumat əldə etdiyini bildirib.

