ABŞ və İsrail kəşfiyyatı İranın ABŞ Prezidenti Donald Trampın Türkiyədən uçuşu zamanı onun təyyarəsini daşınan zenit-raket kompleksi ilə vurmağı planlaşdırdığına dair məlumat əldə edib.
The Wall Street Journal (WSJ) rəsmilərə istinadən yazır ki, ən pis ssenaridə zenit-raket kompleksi Trampın təyyarəsinin havaya qalxdığı hava limanından təxminən 804 metr məsafədə yerləşdirilə bilərdi. Bu isə təyyarəni havaya qalxarkən təhlükə qarşısında qoya bilərdi.
Bəzi ABŞ rəsmiləri ehtimal olunan planı qeyri-real və hətta mümkünsüz hesab ediblər. Türkiyə rəsmiləri də Trampa belə bir hücum təhlükəsinin mövcudluğuna dair heç bir sübut aşkarlamadıqlarını bildiriblər.
Məlumatları yoxlamaq üçün vaxtın az olması və ABŞ ilə İran arasında müharibənin davam etməsi səbəbindən Məxfi Xidmət risk etməyərək Trampın gizli şəkildə başqa təyyarəyə keçirilməsi planını hazırlayıb.
Tramp əvvəlcə prezident təyyarəsi “Air Force One”ın köhnə versiyasına minib, daha sonra isə ərzaq daşıyan furqonla gizli şəkildə başqa təyyarəyə aparılıb. Onu bir neçə yaxın köməkçisi müşayiət edib.
ABŞ Prezidenti müdafiə naziri Pit Heqsetlə birlikdə daha kiçik təyyarə ilə Böyük Britaniyadakı hərbi bazaya uçub, daha sonra gizli şəkildə əvvəlki təyyarəyə qayıdıb və sanki bütün uçuş boyu həmin təyyarədə olubmuş kimi trapdan enib.
ABŞ-yə qayıdarkən isə Tramp səfərin son mərhələsini Qətərin hədiyyə etdiyi üçüncü təyyarədə həyata keçirib.

