ABŞ-ın Məxfi Xidmətinin əməkdaşları Floridada prezident Donald Trampın Mar-a-Lago iqamətgahına silahla daxil olmağa cəhd edən şəxsi zərərsizləşdiriblər. Bu barədə 22 fevral tarixində Fox News məlumat yayıb.
Hadisə yerli vaxtla gecə saat 01:30 radələrində baş verib. Təxminən 20 yaşlarında olan naməlum şəxs rezidensiyanın ərazisinə icazəsiz daxil olub. O, şimal qapıları yaxınlığında ov tüfənginə bənzər əşya və yanacaq qabı ilə aşkarlanıb.
Məxfi Xidmət əməkdaşları tərəfindən açılan atəş nəticəsində həmin şəxs hadisə yerində ölüb. Rəsmi məlumatlara görə, nə Məxfi Xidmət, nə də Palm-Biç dairəsinin şerif idarəsinin əməkdaşları xəsarət almayıb. Hadisə zamanı ərazidə mühafizə olunan şəxslər olmayıb.
Bildirilib ki, hadisə ilə bağlı FBI, Məxfi Xidmət və Palm-Biç şerif ofisi birgə araşdırma aparır. Şəxsin kimliyi, motivi və güc tətbiqinin halları araşdırılır.

