ABŞ-li Bibliya tədqiqatçısı Emi-Cill Levin Amerika Katolik Bibliya Assosiasiyasının prezidenti seçilib. O, qurumun tarixində bu vəzifəyə seçilən ilk yəhudi alimdir.
Associated Press-in məlumatına görə, qərarın açıqlanmasından sonra sosial şəbəkələrdə kəskin tənqid və antisemit şərhlər yayılıb. Bəzi istifadəçilər başqa dinə mənsub şəxsin katolik Bibliya tədqiqatçılarını birləşdirən təşkilata rəhbərlik etməsini qəbuledilməz adlandırıblar.
Assosiasiya isə bu reaksiyaları rədd edərək bildirib ki, qurum peşəkar Bibliya tədqiqatçılarını birləşdirən akademik təşkilatdır və prezident vəzifəsi kilsə postu deyil. Təşkilatın rəhbərliyi Levinin yəhudi olduğu üçün deyil, görkəmli alim və katolik-yəhudi dialoquna mühüm töhfələr vermiş mütəxəssis olduğu üçün seçildiyini vurğulayıb.
Levin erkən xristianlıq və yəhudi-xristian münasibətləri üzrə tanınmış mütəxəssisdir. O, 2019-cu ildə Romadakı Pontifik Bibliya İnstitutunda Əhdi-Cədiddən dərs deyən ilk yəhudi alim olub və illərdir dinlərarası dialoq sahəsində fəaliyyət göstərir.
Assosiasiya onun seçilməsinə qarşı səslənən antisemit fikirlərin məhz dini ayrı-seçkiliklə mübarizənin və açıq dialoqun nə qədər vacib olduğunu göstərdiyini bildirib.

