Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkələrdəki qeyri-adi ünsiyyət tərzi ilə yenidən diqqət mərkəzinə düşüb. O, son dövrlərdə izləyiciləri ilə birbaşa ünsiyyət qurmaq üçün tez-tez canlı yayımlar açır.
Türkiyənin “SonDakika.com” nəşrinin yaydığı məlumata görə, Paşinyan son canlı yayımında kameraya baxaraq əlləri ilə ürək işarəsi göstərib və izləyicilərdən gələn reaksiyalara qeyri-rəsmi şəkildə cavab verib. Görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb.
Paşinyanın bu jesti əslində yeni deyil. “Armenpress” mart ayında onun Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kosla birlikdə eyni “ürək” işarəsini göstərdiyi videonu paylaşmışdı. Reuters də iyunda keçirilən seçkilər zamanı Paşinyanın səs verdikdən sonra kameralar qarşısında eyni jesti etdiyini qeydə alıb.
Son görüntülər sosial mediada fərqli reaksiyalar doğurub. Bəzi istifadəçilər onun dövlət xadimi obrazından uzaqlaşdığını düşünərək “tam TikTokçu oldu” və “getdikcə qəribələşir” kimi tənqidi şərhlər yazıblar. Digərləri isə Paşinyanın bu rahat davranışını ictimaiyyətlə daha səmimi əlaqə qurmaq cəhdi kimi qiymətləndiriblər. Bu reaksiyalar Türkiyə mediasında da geniş işıqlandırılıb.
Denmedia.az

