İranda silahlı fəaliyyətlə məşğul olmaqda və ABŞ-ın fevral ayında həyata keçirdiyi zərbələrdən, eləcə də Tehranın cavab tədbirlərindən sonra başlayan münaqişə dövründə “düşmən media qurumları” ilə əməkdaşlıq etməkdə ittiham olunan Əli Sina Mustəfəvi barəsində ölüm hökmü icra edilib.
İranın məhkəmə sisteminə bağlı Mizan agentliyinin məlumatına görə, edam çərşənbə günü səhər saatlarında həyata keçirilib.
Mənbənin bildirdiyinə əsasən, Mustəfəvi münaqişə dövründə Kirman əyalətində silahlı fəaliyyətlə məşğul olub və martın 25-də iki nəfərin yaralanması ilə nəticələnən hücumda iştirak edib.
Bundan əlavə, agentliyin məlumatına görə, Mustəfəvi İranın devrilmiş şahı Məhəmməd Rza Pəhləvinin ailəsini dəstəkləyib. Həmçinin iddia olunur ki, o, aprelin 21-də postda xidmət aparan hərbçilərə və hərəkətdə olan hərbi karvana atəş açıb. Nəticədə bir neçə nəfər yaralanıb.
Vurğulanır ki, təqsirləndirilən şəxsin mobil telefonunun yoxlanılması zamanı zərbələrə məruz qalmış ərazilərin görüntülərinin xarici media qurumlarına ötürüldüyünü göstərdiyi iddia olunan materiallar aşkarlanıb. İran tərəfi fars dilində yayımlanan həmin xarici media qurumlarını “düşmən media” kimi xarakterizə edir.
Agentliyin məlumatına əsasən, Mustəfəvinin saxlanıldığı yerdə snayper tüfəngi də aşkar edilib.
Mizan qeyd edir ki, məhkəmə Mustəfəvi barəsində ölüm hökmü çıxarıb. Ali Məhkəmə apellyasiya şikayətini rədd etdikdən və hökm qanuni qüvvəyə mindikdən sonra edam cəzası icra olunub.

