İranda son etirazlar zamanı zorakılıq hadisələrində iştirak etmək və terror aktları törətmək ittihamı ilə edama məhkum edilən 2 nəfərin hökmü icra olunub.
İran məhkəmə sistemi bildirib ki, məhkumlar ictimai əmlaka zərər vurmaqda və məscidi yandırmaqda ittiham ediliblər.
Edam hökmləri səhər saatlarında icra edildi
İran Məhkəmə Hakimiyyətinə bağlı Mizan xəbər agentliyinin məlumatına görə, Mehrdad Məhəmmədniya və Əşkan Maliki barəsində çıxarılan edam hökmləri səhər saatlarında icra olunub.
Etirazlar zamanı zorakılıqda ittiham olundular
Məlumatda Məhəmmədniya və Malikinin son etirazlar zamanı Tehran əyalətində baş verən zorakılıq hadisələrinə rəhbərlik etməkdə ittiham edildiyi bildirilib.
Onların həmçinin ictimai əmlaka zərər vurmaq və məscidi yandırmaq ittihamları ilə mühakimə olunduğu qeyd edilib.
İran hakimiyyəti məhkumların əməllərini “terror aktı” kimi qiymətləndirib. Bildirilib ki, məhkəmə prosesindən sonra onların edam hökmləri qüvvəyə minib və icra olunub.
Qeyd edək ki, son illərdə İranda etiraz aksiyalarına qatılmaqda və ya təhlükəsizlik qüvvələrinə hücumlarda ittiham edilən çoxsaylı şəxs barəsində ağır cəzaların verilməsi beynəlxalq ictimaiyyətdə müzakirələrə səbəb olub.

