Sumqayıt şəhərinin gənc istedadı Elina Qafarova beynəlxalq bilik yarışlarında qazandığı uğurlarla şəhərimizin və ölkəmizin adını bir daha yüksəklərə daşıyıb. Kiçik yaşlarından elmə və təhsilə böyük maraq göstərən Elina artıq iki nüfuzlu beynəlxalq müsabiqədə medal qazanaraq diqqət mərkəzinə düşüb.
Bu barədə Denmedia.az-a Elinanın ailəsi məlumat verib.
2014-cü ildə Sumqayıt şəhərində anadan olan Elina Qafarova 2020-ci ildə Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin 1-ci sinfinə qədəm qoyub. Təhsil illəri ərzində yüksək akademik göstəriciləri və fəallığı ilə seçilən şagird 2025-ci ildə lisey-gimnaziyaya qəbul imtahanında uğur qazanaraq Sumqayıt şəhərində yerləşən İstedad liseyinə qəbul olunub.
Elinanın ən böyük uğurlarından biri ABŞ mənşəli beynəlxalq riyaziyyat yarışması olan American Mathematics Olympiad (AMO) çərçivəsində əldə etdiyi nəticədir. Yuxarı sinif şagirdləri üçün nəzərdə tutulmuş bu nüfuzlu müsabiqədə o, yüksək nəticə göstərərək bürünc medal qazanıb. Bu nailiyyət ona 2026-cı ildə Sinqapurda keçiriləcək Singapore International Math Olympiad Challenge (SIMOC 2026) olimpiadasında iştirak hüququ qazandırıb.
Bununla yanaşı, Elina ingilis dili üzrə də beynəlxalq səviyyədə uğur əldə edib. O, NextGen English Olympiad beynəlxalq ingilis dili olimpiadasında gümüş medal qazanaraq humanitar sahədə də güclü potensiala malik olduğunu sübut edib.
Elina Qafarova indiyədək bir sıra digər beynəlxalq olimpiadalarda da iştirak edərək müxtəlif diplom və sertifikatlarla təltif olunub. Onun qazandığı uğurlar zəhmətin, intizamın və düzgün istiqamətləndirilmiş təhsilin bariz nümunəsidir.
Sumqayıtlı məktəblinin bu nailiyyətləri bir daha göstərir ki, Azərbaycanın regionlarında yetişən istedadlı gənclər beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil etmək gücünə malikdirlər. Elina Qafarovanın qarşıdakı illərdə daha böyük uğurlara imza atacağına şübhə yoxdur.







Ellada Rəsul
Denmedia.az

