“Suallar şagirdi çaşdırmaq üçün yox, onun nəyi bacardığını üzə çıxarmaq üçün olmalıdır.”
Bunu elm və təhsil naziri Emin Əmrullayev Dövlət İmtahan Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə keçirilən “Qiymətləndirmə Sistemləri Etimad Şəffaflıq və İnnovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.
Nazirin sözlərinə görə, Azərbaycanda bəzi fənn mütəxəssisləri suallar hazırlayarkən əsas məqsəddən uzaqlaşır.
“Müşahidələrim göstərir ki, bəzi mütəxəssislər sualları bilik ölçmək üçün yox, qarşı tərəfi çaşdırmaq üçün qurur.”
Emin Əmrullayev vurğulayıb ki, bu yanaşma dəyişməlidir və bu problem yalnız ayrı-ayrı qurumlarla bağlı deyil, ümumilikdə Azərbaycan pedaqogikasında mövcud olan yanaşmadır.
“Bu, daha çox fənn mütəxəssislərinə yönəlmiş bir çağırışdır.”
Nazir əlavə edib ki, imtahan sistemində dəyişikliklər mərhələli şəkildə aparılmalıdır.
Gələcəkdə imtahanların istiqaməti dəyişəcək və daha fərqli bacarıqlar ön plana çıxacaq.
“Kognitiv bacarıqlar və sosial-emosional zəkanın ölçülməsi gələcək üçün son dərəcə vacibdir.”
Nazirin fikrincə, məhz bu bacarıqlar gələcəyin uğurlu kadrlarını müəyyən edəcək.

