Məktəbin divarları biliklə yox, münasibətlərlə yaşayır. Əgər bu münasibətlər sağlamdırsa, ən çətin dərs belə asanlaşır; əgər yoxdursa, ən sadə mövzu belə şagird üçün yükə çevrilir.
Müəllim sinfə daxil olanda sadəcə dərs keçməyə yox, bir dünyaya toxunmağa gəlir. Hər şagird ayrı bir kainatdır – fərqli düşünən, fərqli hiss edən, fərqli anlayan.Müəllimin böyüklüyü isə məhz bu fərqləri görmək və qəbul etmək bacarığındadır. Sərtliklə yox, anlayışla; qorxu ilə yox, etimadla qurulan münasibət daha davamlı və təsirli olur.Şagird müəllimdən yalnız mövzu öyrənmir. O, müəllimin baxışından həyatı oxuyur, davranışından insanlığı öyrənir. Müəllimin bir kəlməsi motivasiya da ola bilər, məyusluq da. Buna görə müəllim hər zaman sözünün və münasibətinin məsuliyyətini daşımalıdır.
Digər tərəfdən, şagird də anlamalıdır ki, müəllim onun qarşısında duran bir nəzarətçi deyil, onun gələcəyinə işıq tutan bir bələdçidir. Hörmət yalnız tələb olunmamalı, qazanılmalı və qarşılıqlı olmalıdır. Bu qarşılıqlılıq yarananda sinif otağı sadəcə dərs keçirilən yer deyil, inkişaf və güvən mühitinə çevrilir.Müasir məktəbdə münasibətlərin əsası artıq “mən deyirəm, sən edirsən” prinsipi ilə yox, “gəlin birlikdə öyrənək” yanaşması ilə qurulmalıdır. Çünki bu günün şagirdi yalnız öyrənmək yox, anlaşılmaq istəyir.
Sonda isə bir həqiqət var: Yaxşı müəllim dərs deyər,amma böyük müəllim qəlbə toxunar.
Məhz qəlbə toxunan münasibətlər isə ömür boyu unudulmur.
Sübhan Xəlilov
Təhsil işçisi

