İstehlakçılar lif tərkibli məhsullara daha çox üstünlük verməyə başlayıblar.
Tədqiqatçılar funksional qidalanma bazarını təhlil edərkən bildirirlər ki, bunun əsas səbəbi bağırsaq sağlamlığına marağın artması və “təmiz etiket” anlayışıdır. Yəni alıcılar daha sadə, anlaşılan və tərkibi aydın olan məhsullara üstünlük verirlər.
FoodNavigator xəbər portalının yazdığına görə, vitaminlər, minerallar, zülal, probiotiklər və omeqa-3 kimi funksional inqrediyentlər alıcıların seçimlərinə birbaşa təsir edir. Lif isə bu seçimlərdə əsas amillərdən birinə çevrilir.

Araşdırmalara görə, 10 istehlakçıdan 7-si lif qəbulunu artırmağa çalışır və ilk növbədə məhsulun qablaşdırmasındakı məlumata diqqət yetirir.
Bununla belə, mövzuya maraq yüksək olsa da, bütün alıcılar lif haqqında kifayət qədər məlumatlı deyil. Alıcıların yalnız 20 faizi məhsulun tərkibini diqqətlə oxuyur. Demək olar ki, hər dörd nəfərdən biri lifin nə olduğunu anlamır, üçdə birindən çoxu isə onun sağlamlığa necə təsir etdiyini bilmir.
Hazırda lif tərkibli məhsulların populyarlığı artır. Bu marağın güclənməsində sosial şəbəkələrin də rolu var. İstifadəçilər həzm sistemini yaxşılaşdırmaq üçün müxtəlif tövsiyələr və şəxsi təcrübələr paylaşırlar.

Lifə tələbatın artmasının əsas səbəbləri arasında bağırsaq mikroflorasının dəstəklənməsi, toxluq hissi və çəkiyə nəzarət, qanda şəkərin səviyyəsinin sabitləşdirilməsi, immunitetin gücləndirilməsi, iltihab prosesləri ilə mübarizə və ürək sağlamlığının qorunması göstərilir.
Ekspertlərin fikrincə, lif tərkibli məhsullara tələbat artmaqda davam edəcək. Çünki alıcılar bu inqrediyenti getdikcə daha çox sağlamlıq üçün faydalı seçim kimi qəbul edirlər.

