Bəzən bir cümlə həyatımızı dəyişir. Bəzən bir baxış, bir təbəssüm bizi qorxularımızdan azad edir. Bəzən bir insan çıxır qarşımıza – əlində təbaşir, üzündə təbəssüm, qəlbində işıq. O insan müəllimdir.
Sumqayıtda 5 oktyabr – Müəllimlər Günü münasibətilə fərqli və duyğulu tədbir keçirilib. Tədbir sağlamlıq imkanları məhdud uşaqlar üçün fəaliyyət göstərən xüsusi məktəbdə baş tutub. Bu məktəb bir vaxtlar orada dərs demiş müəllimlərini yenidən öz doğma siniflərinə dəvət edib.
İllərin arxasında qalan xatirələr bu dəfə yenidən canlandı. Müəllimlər uzun fasilədən sonra sinif otaqlarına daxil olub, bir vaxtlar oxutduqları uşaqların səsini, gülüşünü, məktəb qoxusunu hiss ediblər. Onların baxışlarında həm sevinc, həm də bir parça həsrət gizlənmişdi.
Tədbir boyu duyğulu anlar yaşanıb. Müəllimlər məktəbdə keçirdikləri illəri xatırlayıb, o günlərin saf enerjisini yenidən hiss ediblər. Tədbiri isə hazırda məktəbə rəhbərlik edən Arzu Alızadə müşahidə edib. O, müəllimlərin bu ocağa qoyduğu zəhmətin bu gün də hiss olunduğunu bildirib.
Daha sonra məktəbin alt zalında Müəllimlər Günü münasibətilə bədii proqram təqdim olunub. Tədbirdə məktəbin tarixindən bu gününə qədər olan yolunu əks etdirən xüsusi videoçarx nümayiş etdirilib. Çıxış edənlər müəllim əməyinin müqəddəsliyindən, onların cəmiyyətin gələcəyini formalaşdıran əsas sütun olduğundan danışıblar.
Məktəb direktoru Arzu Alızadə öz çıxışında müəllimlik peşəsinin dəyərini belə ifadə edib:
> “Müəllim yalnız dərs demir, o, həyat öyrədir. Hər bir uşağın ruhuna toxunur, onu insan kimi yetişdirir. Müəllimin gülümsəməsi bir uşağın gələcəyini işıqlandıra bilər.”
Arzu Alızadə əlavə edib ki, müəllimlik – sadəcə bir peşə deyil, mənəvi missiyadır. Bu, insanın insana yön verdiyi, cəmiyyətin gələcəyini formalaşdırdığı ən ali sənətdir. Dünyada hər şey zamanla dəyişir, amma müəllim adının ucalığı dəyişmir.
Daha sonra veteran müəllimlər sevincini həmkarları ilə bölüşüblər. Bildirilib ki, Müəllim ömrü bir lövhə qədər sadə, bir uşaq baxışı qədər saf, bir kitab qədər dərin olur. Onların saçına düşən ağ rəng – illərin izidir, amma o ağ rəng həm də bilik, hikmət və fədakarlığın simvoludur. Səhərin ilk saatlarından axşama qədər lövhənin qarşısında dayanıb, hər hərfi, hər rəqəmi öyrədən müəllim əslində həyatı öyrədir. O, uşaqlara yalnız dərs keçmir – səbir, hörmət, məsuliyyət və sevgini də öyrədir.
Bir şagirdin "Müəllim, mən bacardım!" sözündən böyük mükafat yoxdur. Hər uğurlu insanın arxasında görünməyən bir qəhrəman dayanır – o da müəllimidir.
Tədbir zamanı duyğulu analar yaşandı. Veteran müəllimlər keçirdikləri hisslərini sevinc göz yaşları ilə əvəzlədilər.
Daha sonra bir vaxtlar Xüsusi məktəbə rəhbərlik etmiş hazırda Qazağıstanda olan əməkdar müəllim Ayət Kərimova ilə videobağlantı quruldu. Sevinc göz yaşları içində bütün müəllimlər təbrik edildi.
Tədbirdə işində fərqlənən müəllimlər fəxri fərmanla təltif olundular. Sonda xatirə şəkilləri çəkdirildi, musiqilər səsləndirildi, rəqslər nümayiş etdirildi. Bu gün o zalda təkcə musiqi deyil, müəllim adının böyüklüyü, zəhmətin dəyəri və şagird sevgisinin istiliyi duyulurdu. Müəllimlərin gözlərindəki işıq, illər keçsə də, sönməyən bir alov kimi hər kəsin qəlbini isidirdi.