Türkiyə İran ətrafındakı böhran fonunda Hörmüz boğazından yan keçən neft və qaz tədarükü üçün 5 marşrut hazırlayıb.
Bu barədə Türkiye qəzeti Türkiyə Ticarət Nazirliyinə istinadən məlumat yayıb.
“Hökumətimiz Hörmüz boğazına alternativ marşrutların açılması üçün böyük səylər göstərir. Bu marşrutlar xüsusilə böhran dövrlərində istehsalçılar və istehlakçılar üçün mühüm variantlardır,” — deyə Türkiyənin ticarət naziri Ömər Bolat bildirib.
Qəzetin məlumatına görə, enerji daşıyıcılarının Fars körfəzi bölgəsindən quru yolu ilə İraq və Suriya üzərindən, həmçinin Süveyş kanalı — Qırmızı dəniz — İordaniya — Səudiyyə Ərəbistanı marşrutu ilə çatdırılması təklif olunur.
Bundan əlavə, yüklərin Oman limanı vasitəsilə BƏƏ və regionun digər ölkələrinə, eləcə də Afrikada Ümid burnundan keçməklə daşınması variantları nəzərdən keçirilir.
Qeyd olunur ki, Ümid burnu marşrutu daşıma xərclərini artırır və digər variantlarla müqayisədə 10-15 gün daha uzun çəkir.

