Xəbər verdiyimiz kimi, Türkiyə Hörmüz boğazının bağlanma ehtimalına qarşı ciddi tədbirlər görməyə başlayıb. Bu məqsədlə, Orta Dəhliz və İnkişaf Yolu kimi logistik layihələrin həyata keçirilməsinə xüsusi diqqət ayrılır. ABŞ-ın İranın nüvə obyektlərinə zərbə endirməsindən sonra isə İran parlamenti Hörmüz boğazının bağlanması təşəbbüsünü gündəmə gətirib və bu addımın beynəlxalq səviyyədə geniş rezonans doğuracağı gözlənilir.
Bu vəziyyət Azərbaycan üçün nə kimi təsirlər yarada bilər? Rəsmi Bakı hansı strateji addımları atmalı, bu prosesi necə dəyərləndirməlidir?
Den.az xəbər verir ki, mövzunu Globalinfo.az-a şərh edən politoloq Rəşad Bayramov deyib ki, İran parlamentinin Hörmüz boğazının bağlanması barədə qəbul etdiyi qərar hələ boğazın bağlanacağı demək deyil:
“Bunun üçün parlamentin qərarı Ali Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməlidir.
İrandan belə bir addım atılacağını çox da ehtimal etmirəm. Bu sözün əsl mənasında avantüra olar. Çünki söhbət hansısa su hövzəsindən yox, dünya iqtisadiyyatının şah damarları hesab olunan bir boğazdan gedir. Hörmüz geosiyasi və maliyyə baxımından əsas dəniz yollarından biridir. Dünya neftinin 20 faizi, mayeləşdirilmiş qazın isə 30 faizi məhz bu boğazdan keçir. Odur ki, Hörmüz boğazının bağlanması İrana qarşı beynəlxalq koalisiyanın müdaxiləsini legitimləşdirə bilər”.
Politoloqun sözlərinə görə, BƏƏ, Küveyt, Qətər, Oman və İraq kimi ölkələr neftlərini bu boğaz vasitəsilə dünya bazarına çıxarırlar:
“Sözügedən ölkələrin neftinin 90 faizi Hörmüz boğazı vasitəsilə daşınır. Bu boğazdan keçən enerji məhsullarının əsas istehlakçıları isə Çin, Hindistan, Yaponiya və Cənubi Koreya olub, və bütün neft və kondensat həcminin 69 faizini təşkil edir.
Şübhəsiz ki, boğazın bağlanması alternativ marşrutlara olan ehtiyacı artıracaq. Amma bu çatdırılmalarda gecikmələrə və yükdaşıma tariflərinin artmasına səbəb olar ki, bu da qlobal enerji qiymətlərində sıçrayışa səbəb olar. Təqribi hesablamalara görə, neftin qiyməti 120-130 dollar aralığında dəyişə bilər. O baxımdan Hörmüz boğazı üçün bu cür alternativlər demək olar ki, mövcud deyil.
Düzdür, bəzi boru kəmərləri boğazdan yan keçməklə neftin daşınmasını təmin edə bilər. Məsələn, hazırda yalnız Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Hörmüz boğazını keçmədən alternativ boru kəmərləri ilə neft nəql edə bilirlər. Amma Fars körfəzindən gələn neftin çox hissəsini tez bir zamanda alternativ marşrutlara yönləndirmək mümkün deyil. Bu, dünyanın ən böyük neft tankerlərini idarə edə bilən yeganə dərin su yoludur. Odur ki, boğazın bağlanması qlobal iqtisadiyyatın hazır olmadığı zəncirvari reaksiyaya səbəb olar.
Rəşad Bayramov
Boğazın bağlanmasından ən çox təsirlənən ölkələrdən biri şübhəsiz ki, İranın müttəfiqi hesab olunan Çin olacaq. Çünki Çin neft idxalının 40-50 faizini məhz bu yolla reallaşdırır”.
Rəşad Bayramovun fikrincə, Hörmüz boğazının bağlanması təkcə neft və qaz qiymətlərində yüksək sıçrayış demək deyil:
“Eyni zamanda logistikanın çökməsi, birjalarda çaxnaşma, digər ölkələrin də münaqişəyə cəlb olunması deməkdir. Çünki ABŞ , Böyük Britaniya, Fransa və Yaponiya bu marşrutun təhlükəsizliyinə zəmanət veriblər.
Ona görə də ayrı-ayrı ölkələrin Hörmüzün bağlanma ehtimalına qarşı hansısa tədbirlər görməsi, yeni imkanlar axtarması başa düşüləndir. O cümlədən də Türkiyənin Hörmüz boğazının bağlanması ehtimalına qarşı Orta Dəhliz və İnkişaf Yolu kimi logistik layihələrin həyata keçirilməsi üzərində çalışması tamamilə məntiqlidir.
Baş verənlər həm də növbəti dəfə Azərbaycanın da üzərindən keçən Orta dəhliz layihəsini, dolayısıyla Zəngəzur dəhlizi məsələsini aktuallaşdırır. Hörmüzün bağlanmasının Azərbaycana təsirlərinə gəldikdə isə, bu dünya iqtisadiyyatında zəncirvari reaksiyaya səbəb olacağından biz də bundan təbii olaraq təsirlənəcəyik. Digər tərəfdən isə boğazın bağlanması dünya bazarında bizim neftə və marşrutlara tələbatı da artıracaq ki, buna da hazır olmaq lazımdır”.