İsrail ordusuna aid olduğu bildirilən şəxsin sosial şəbəkədə paylaşdığı foto böyük etirazlara səbəb olub.
Reuters yazır ki, görüntüdə gözləri bağlı, alt paltarında olan fələstinli kişinin İsrail nəzarətində saxlanıldığı və ağır rəftarla üzləşdiyi görünür. Fotoda İbranicə “Sabahınız xeyir” ifadəsinin yazıldığı, paylaşımın daha sonra silindiyi bildirilir.
Görüntü sosial şəbəkələrdə yayıldıqdan sonra insan haqları təşkilatları hadisəni alçaldıcı rəftar, cinsi zorakılıq əlamətləri və mümkün hərbi cinayət kimi qiymətləndiriblər. The Guardian yazır ki, hüquq müdafiəçiləri fotonun fələstinli məhbuslara qarşı işgəncə və pis rəftar iddialarını gücləndirdiyini bildiriblər.

İsrail ordusu fotonun həqiqiliyini təsdiqləyib və hadisə ilə bağlı araşdırma aparıldığını açıqlayıb. Hərbi qurum həmin davranışın ordunun dəyərləri ilə uyğun gəlmədiyini bildirib.
Hadisə beynəlxalq miqyasda kəskin reaksiyalara səbəb olub. İnsan haqları müdafiəçiləri görüntüdəki şəxsin kimliyinin və saxlanıldığı yerin açıqlanmasını, həmçinin məsul şəxslərin cavabdehliyə cəlb olunmasını tələb edirlər.

