İsrail ordusunun ABŞ-ın tələbindən sonra Livanın cənubuna endirdiyi zərbələri dayandırdığı bildirilir.
Bu barədə İsrail dövlət televiziyası KAN adı açıqlanmayan israilli təhlükəsizlik rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, Təl-Əviv rəhbərliyinin ABŞ-dan gələn tələblər əsasında orduya verdiyi göstəriş İranla ABŞ arasındakı gərginlik və Livanla aparılan danışıqların gedişi aydınlaşana qədər qüvvədə qalacaq.
Haberde qeyd olunur ki, İsrail rəhbərliyi ölkəni hədəf alacaq mümkün cavab hücumunu İrandakı strateji obyektlərə zərbə endirmək üçün fürsət kimi qiymətləndirir. Lakin Ağ Evdən gələn tələbə əsasən mövcud gərginliyin İsrailə sıçramaması üçün orduya “gözləmə rejimində qalmaq” tapşırığı verilib.
Digər tərəfdən, KAN İsrail ordusunun gələn həftədən etibarən Livanın cənubundakı pilot zonalardan çəkilməyə başlayacağını bildirib.
Çəkilmə prosesi ilə paralel olaraq Livan və İsrail arasında danışıqların növbəti raundunun İtaliyanın paytaxtı Romada keçiriləcəyi xatırladılıb.
Roma danışıqlarında İsrail nümayəndə heyətinə İsrailin ABŞ-dakı səfiri Yexiel Leyterin rəhbərlik edəcəyi, həmçinin əvvəlki danışıqlarda iştirak edən texniki heyətin də prosesə qatılacağı qeyd olunub.
İsrailin xarici işlər naziri Gideon Saar daha əvvəl Livanla danışıqların növbəti raundunun gələn həftə Romada keçiriləcəyini açıqlamışdı.
İtaliyanın baş nazir müavini və xarici işlər naziri Antonio Tajani isə görüşlərlə bağlı belə deyib: “Danışıqların Romada keçirilməsi təsdiqlənib. Planlaşdırılan tarix 15-16 iyuldur. Amma bu, bir qədər də amerikalılardan, livanlılardan və israillilərdən asılıdır, onlar müəyyən etməlidir. Biz öz hazırlığımızı bildirmişik”.

