ABŞ İran ərazisində quru əməliyyatına başlayarsa, yerli sakinlər amerikalı hərbçiləri “isti qarşılayacaqlar”.
Bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi Vaşinqtonun Xark adası ilə bağlı son təhdidlərini şərh edərkən bildirib.
“Düşünürəm ki, orada amerikalı əsgərləri ‘isti qarşılamağa’ hazır olan çox sayda insan var”, – diplomat deyib.
İyulun 8-də ABŞ ilə İran arasında gərginlik yenidən artıb. ABŞ qüvvələri ikitərəfli memorandumun imzalanmasından sonra ilk dəfə İran ərazisindəki obyektlərə bir sıra zərbələr endirib.
Vaşinqton bu addımı Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab kimi əsaslandırıb. Həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin başa çatdığını açıqlayıb.
Buna cavab olaraq İranın Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Omanda yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirdiyi bildirilib.

