ABŞ administrasiyasının İranın neft ixracı üçün strateji əhəmiyyət daşıyan Hark adasını ələ keçirmək ehtimalını müzakirə etdiyi bir vaxtda Tehrandan sərt açıqlamalar səsləndirilib.
Bu barədə “Haberler.com” məlumat yayıb.
İran siyasətinin tanınmış simalarından Manuçöhr Müttəki bildirib ki, ABŞ İran ərazisinə mümkün quru əməliyyatına başlayarsa, regiondakı Amerika hərbi obyektləri birbaşa hədəfə çevrilə bilər.
Müttəkinin fikrincə, İran yalnız raket və pilotsuz uçuş aparatları ilə kifayətlənməməli, İraq, Küveyt və ya Bəhreyndə yerləşən ABŞ bazalarından birinə quru əməliyyatı təşkil etməlidir.
“Amerikalılar quru əməliyyatından danışırlar, lakin bizim də belə imkanımız var. Regiondakı ABŞ bazalarından birinə quru hücumu təşkil edək, 100 amerikalı əsgəri əsir götürərək İrana gətirək. İraq, Bəhreyn və ya Küveytdəki Amerika bazalarından birini ələ keçirə bilərik”, — deyə o bildirib.
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının keçmiş üzvü Əhməd Bəxşayeş Ərdəstani də oxşar mövqe nümayiş etdirib.
O bildirib ki, ABŞ İran ərazisinə qoşun çıxararsa, Küveyt və Bəhreyndəki Amerika hərbi obyektlərinə quru hücumları başlana bilər.
Açıqlamalara görə, məqsəd həmin Körfəz ölkələrinin bütün ərazisini işğal etmək deyil, onların sərhədləri daxilində yerləşən strateji ABŞ bazalarını nəzarətə götürməkdir.
İran son həftələrdə Küveyt və Bəhreyndəki ABŞ hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə vurduğunu açıqlayıb. Küveyt və Bəhreyn hakimiyyətləri isə hücumları suverenliklərinin pozulması kimi qiymətləndirərək Tehrana etiraz ediblər.
Küveyt hökuməti Hörmüz boğazından keçən Küveyt bayraqlı tankerin hədəfə alınmasından sonra İranın bu ölkədəki səfirini Xarici İşlər Nazirliyinə çağıraraq etiraz notası təqdim edib.

