Vətəndaşların bank kartlarından daha 24 864 manat kiberüsulla oğurlanıb.
“Den.az” xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, aprelin 10-da ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsulla 15 650, 2000, 1400, 1020, 1000, 999, 995, 680, 470, 400, 150, 100 manat pul vəsaitləri bank kartlarından oğurlanıb:
“Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatları naməlum şəxslərə verdiyiniz halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar.
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”.
Qeyd edək ki, hər gün onlarla vətəndaşa məxsus külli miqdarda pul aldatma və kiberüsullarla ələ keçirilir.