Sumqayıt şəhərinin Sülh prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.
DenMedia.az xəbər verir ki, hadisə Sumqayıt–Bakı istiqamətində hərəkət edən iki sərnişin avtobusunun toqquşması nəticəsində qeydə alınıb.
İlkin məlumata görə, Sumqayıtdan Bakıya hərəkətdə olan, sərnişinlərlə dolu avtobus qarşısında gedən Sumqayıt şəhər 12 nömrəli marşrut avtobusuna çırpılıb. Güclü toqquşma səbəbindən hər iki nəqliyyat vasitəsi ciddi zədələnib.
Qəza anında hər iki avtobusda çox sayda sərnişin olub. Xəsarət alanların olduğu bildirilir, lakin onların dəqiq sayı və vəziyyəti barədə rəsmi məlumat hələlik açıqlanmayıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları və hüquq-mühafizə orqanlarının əməkdaşlarının cəlb olunduğu qeyd edilir.
Hadisənin dəqiq səbəbi araşdırılır. İlkin ehtimala görə, qəzaya sürət həddinin aşılması və yol hərəkəti qaydalarının pozulması səbəb ola bilər.