Balidə yerləşən professor Nqoer adına xəstəxana Avstraliyalı turistin ölümündən sonra ailəsinin iradlarına cavab verib və ünvanına yönələn ittihamları rədd edib. DenMedia.az xəbər verir ki, bu barədə The Guardian yazır.
23 yaşlı Bayron Heddou may ayında Balidə hovuzda huşsuz vəziyyətdə tapılıb. Cəsəd Avstraliyaya göndərildikdən və Kvinslend məhkəmə-tibb eksperti tərəfindən yenidən ekspertiza aparıldıqdan sonra mərhumun anası oğlunun ürəyinin çıxarıldığını öyrənib və hadisədə İndoneziyalı məhkəmə-tibb mütəxəssislərini günahlandırıb.
Xəstəxananın tibb xidmətinin direktoru İ Made Darmadcaya isə bildirib ki, avstraliyalının ürəyi oğurlanmayıb:
“Xəstəxana adından vurğulayıram ki, orqan oğurluğu ilə bağlı yayılan söz-söhbətlər yalandır”, — deyə o, açıqlayıb və əlavə edib ki, ekspertiza polis sorğusu əsasında aparılıb.
Mərhumun valideynləri isə müstəqil polis araşdırması tələb edir və oğullarının cəsədinə göstərilən münasibəti qeyri-insani adlandırırlar. Balidə keçirilən ilkin ekspertiza Bayronun ölüm səbəbini alkoqol və antidepressantların qarışığı ilə izah edib. Lakin mərhumun anası onun qətlinin mümkünlüyünü də istisna etmir.
Avstraliyalının ürəyi ölümündən iki ay sonra cəsəddən ayrı şəkildə geri qaytarılıb. Bununla yanaşı, xəstəxana orqanın repatriasiyası üçün əlavə olaraq 700 avstraliya dolları (təxminən 39 min rubl) tələb edib. Ailənin hüquqşünası Ni Lux Ari Ratna Sukasari bildirib ki, DNT testi ürəyin həqiqətən Bayrona aid olub-olmadığını təsdiqləməlidir, çünki orqanın dəyişdirilməsi ehtimalı var.