Separatçı Belucistan Azadlıq Ordusu Pakistanda Belucistan əyalətində baş verən silsilə hücumlara görə məsuliyyəti üzərinə götürüb.
“AFP”-yə verilən məlumata görə, hücumlar nəticəsində 80-dən çox insan həlak olub. Ölənlər arasında 11 mülki şəxs, 10 təhlükəsizlik əməkdaşı və 67 silahlı var. Qruplaşmanın bir neçə bankı da qarət etdiyi bildirilir.
Demək olar ki, eyni vaxtda başlayan hücumlar Dolbəndin şəhərində mühafizə postlarını, polis nəqliyyatını və inzibati binaları hədəf alıb. Bundan başqa, magistral yolda girov götürmək cəhdləri, eləcə də Mastunq şəhərində həbsxanaya hücum qeydə alınıb. Həmin həbsxanadan 30 məhbusun azad edildiyi bildirilir. Nuşkidə isə yerli milis qərargahına hücumun qarşısı alınıb.
Rəsmilərin məlumatına görə, son iki sutka ərzində 108 silahlı zərərsizləşdirilib. Onlardan 41-i bir gün əvvəl keçirilən əməliyyatlar zamanı məhv edilən hücum iştirakçılarıdır.

