ABŞ-da Halloween bayramı günlərində baş verən silahlı hücumlar dalğası ölkəni sarsıdıb. RIA Novosti xəbər verir ki, hadisələr nəticəsində 100-dən çox insan həyatını itirib, 200-dən artıq şəxs yaralanıb. Hər birində dörd və ya daha çox zərərçəkən olan 11 atışma hadisəsi qeydə alınıb.
Xüsusilə yeniyetmələrə qarşı hücumlar ciddi narahatlıq doğurur. Klivlenddə icarəyə götürülmüş kottecdə keçirilən əyləncə zamanı səkkiz azyaşlı güllə yarası alıb, Texasda isə dörd yeniyetmə xəsarət alıb. Gun Violence Archive təşkilatının məlumatına görə, ümumilikdə silahlı zorakılıqla bağlı 250-dən çox insident qeydə alınıb.
Ən çox rezonans doğuran hadisələr arasında Oklahomada keçirilən şəxsi ziyafətdə atışma, Virciniyada baş verən silahlı qarşıdurma, Viskonsində 500 nəfərin iştirak etdiyi kütləvi dava, eləcə də Minnesota və Yuta ştatlarında barlar yaxınlığında baş verən hücumlar yer alır. Bu hadisələr zamanı iki nəfər ölüb, dörd yeniyetmə isə yaralanıb.

        
        
                
                
                
                
                
                
                
                
                