Türkiyədə hüquq-mühafizə orqanları ölkə ərazisində planlaşdırılan silsilə terror aktlarının qarşısını alıb. Daily Sabah nəşrinin məlumatına görə, polis əməliyyatları zamanı terror fəaliyyəti ilə əlaqədə şübhəli bilinən 115 nəfər saxlanılıb.
İstanbulda 124 ünvanda keçirilən genişmiqyaslı reydlər prokurorluğun göstərişi ilə aparılıb. Rəsmi məlumata əsasən, saxlanılan şəxslərin xarici ölkələrdə fəaliyyət göstərən İŞİD terror qruplaşmasının üzvləri ilə əlaqələri olub.
Axtarışlar zamanı silahlar və terror təbliğatına aid materiallar aşkar edilərək götürülüb. Prokurorluq bildirir ki, şübhəlilər Yeni il və katolik Miladı ərəfəsində islam dininə mənsub olmayan şəxslərə qarşı hücumlar planlaşdırıblar.
Bu səbəbdən Türkiyə təhlükəsizlik qüvvələri bayram günləri ilə əlaqədar yüksək hazırlıq rejiminə keçirilib.
Xatırladaq ki, 2017-ci il yanvarın 1-də İstanbulun gecə klublarından birində İŞİD terrorçusu tərəfindən törədilən silahlı hücum nəticəsində təxminən 40 nəfər həlak olmuşdu.

