Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində vətəndaşın kranda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
DenMedia.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb ediliblər.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşın tikilməkdə olan binanın ərazisində fəaliyyət göstərən - hündürlüyü təxminən 50 metr olan qülləli kranın kabinasında səhhətinin pisləşməsi səbəbindən köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən təhlükəsizlik məqsədilə alpinist ləvazimatları tətbiqi olunmaqla 1963-cü il təvəllüdlü Zamıyev Zalı Dünyamalı oğlu krandan endirilib və təcili tibbi yardım briqadasına təhvil verilib.

