Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 1 nömrəli tam orta məktəbdə xoşagəlməz hadisənin baş verdiyi iddia olunur. Məktəbin 5-ci sinif şagirdi, 11 yaşlı Məcidzadə Cahid Rüfət oğlu dərs zamanı idman müəllimi Fərqan Xəlilzadə tərəfindən vurularaq xəsarət alıb. İddiaya görə, hadisə məktəbdə baş versə də, bununla bağlı şagirdin valideynlərinə heç bir məlumat verilməyib. Döyüldüyü iddia olunan azyaşlı baş verənləri özü Denmedia.az-a danışıb. Bildirib ki, hadisə idman dərsi zamanı olub. İki qrup halında idman dərsi keçiblər. Digər qrupdan olan uşaqlardan biri söyüş söyüb. Ancaq müəllim söyüşün Cahid Məcidzadə tərəfindən edildiyini əsas gətirərək onu döyüb.
Valideynlər övladlarının xəsarət aldığını yalnız Cahid dərsdən evə qayıtdıqdan sonra öyrəndiklərini bildirirlər. Onların sözlərinə görə, uşağın bədənində xəsarət izləri müşahidə olunub və hadisənin təfərrüatları övladlarının izahından sonra məlum olub. Baş verən hadisədən narahat olduqlarını bildirən valideynlər məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiklərini və hadisənin obyektiv araşdırılmasını tələb etdiklərini qeyd ediblər.
Bütün hadisələrin döyüldüyü iddia olunan Cahidin qardaşı Nihad Məcidzadənin gözü qarşısında baş verdiyi bildirilir.
Abşeron -Xızı Regional Təhsil idarəsindən Denmedia.az -a bildirilib ki, Saray qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbində müəllimin şagirdə qarşı uyğunsuz davranışı ilə bağlı məlumatları var. Məsələ ilə bağlı idarə tərəfindən araşdırma aparılıb. İlkin araşdırma zamanı müəllim tərəfindən “Təhsilverənlərin etik davranış qaydaları”nın pozulduğu müəyyən edilib. Bu səbəbdən onun barəsində intizam tənbehi tədbiri görülüb.
DİN-dən isə bildirilib ki, Abşeron rayonunda yerləşən orta məktəblərin birində oxuyan şagirdin müəllimi tərəfindən döyülməsi iddiası ilə bağlı polisə məlumat daxil olub. İnsidentdə adı hallanan müəllimin, həmçinin valideynlərinin iştirakı ilə şagirdin izahatı alınıb. Xəsarətin dərəcəsini müəyyənləşdirmək məqsədilə ekspertiza təyin olunub. Hazırda faktla bağlı araşdırma aparılır.


Nizami Rəsulov
Denmedia.az

