Saloniki–Münhen reysində mühərrikdən qopan hissənin təyyarənin pəncərəsinə çırpılması nəticəsində şüşə sınıb və sərnişinlərdən birinin bədəni demək olar ki, tamamilə çölə sovrulub.
Hadisənin şahidi olan sərnişin Xristina “Tessaloniki” radiosuna bildirib ki, zərərçəkən kişi ehtimal ki, təhlükəsizlik kəmərini bağlamayıb və bədəni çiyinlərinə qədər sınmış pəncərədən çölə çıxıb.
Onun sözlərinə görə, serbiyalı sərnişinin yanında əyləşən bir neçə qadın dərhal kişidən yapışaraq onun tamamilə təyyarədən sovrulmasının qarşısını alıblar.
“Salonda qışqırıqlar eşidilirdi, uşaqlar ağlayırdı. Kişinin bədəni demək olar ki, çiyinlərinə qədər pəncərədən çölə çıxmışdı”, — deyə Xristina bildirib.
Sərnişinin sözlərinə görə, kabinin hermetikliyinin pozulmasından sonra təyyarə hündürlüyü azaltmağa başlayıb. Hadisə barədə heç bir izahat verilmədiyi üçün salonda güclü təşviş və panika yaranıb.
Xristina iddia edib ki, stüardessalar da şok vəziyyətində olublar, nə baş verdiyini anlamayıblar və sərnişinlərlə ingilis və ya yunan dillərində ünsiyyət qura bilməyiblər.
Şahid ehtimal edir ki, pilot vəziyyəti nəzarətə almaq üçün zəruri tədbirlər görüb və aidiyyəti xidmətlərlə əlaqə saxlayıb. Lakin sərnişinlərə hadisə ilə bağlı heç bir rəsmi məlumat verilməyib.
Salonda olan bir neçə həkim isə yaralanmış sərnişinə ilkin tibbi yardım göstərib.

