Bakının Sabunçu rayonu, Maştağa qəsəbə sakini Vüsal Xəlilov lombarda girov qoyduğu qızıl zinət əşyasını geri ala bilmədiyini bildirib.
DenMedia.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Vüsal Xəlilovun sözlərinə görə, təxminən iki ay əvvəl çəkisi 10 qrama yaxın olan qızıl üzüyünü lombarda girov qoyub və bunun müqabilində 350 manat pul götürüb. Onun iddiasına görə, üzüyün bazar dəyəri 2 000 manatdan çoxdur.
Sakin indi borcunu faizlə birlikdə vaxtından əvvəl bağlamaq istəyir. O, 470 manat ödəməyə hazır olduğunu desə də, lombardın bağlı olduğunu və uzun müddət qurumun nümayəndələri ilə əlaqə saxlaya bilmədiyini bildirib.
Vüsal Xəlilovun sözlərinə görə, lombardın qarşısına mütəmadi olaraq başqa şəxslər də gəlir. Onlar da zinət əşyalarını geri almaq və ya borclarını bağlamaq istədiklərini bildirirlər.
Sakin əlavə edib ki, ona naməlum şəxslər zəng edərək qızılın gələn həftə qaytarılacağını deyiblər.
Problemi özü həll edə bilməyən Vüsal Xəlilov polisə müraciət edib və rəsmi ərizə yazıb. Onun müraciəti əsasında ötən ayın sonundan etibarən araşdırma aparılır.
Jurnalistlər lombardın lövhəsində göstərilən telefon nömrəsi ilə əlaqə saxlayıblar. Telefon danışığı zamanı bildirilib ki, qızıl zinət əşyaları sahibinə 17 iyuladək qaytarılacaq. Həmçinin digər zərərçəkən müştərilərin olması barədə məlumat təkzib edilib.
Hazırda hüquq-mühafizə orqanları faktla bağlı araşdırmanı davam etdirirlər.

