Rusiyanın “Lukoil” neft şirkəti ABŞ Maliyyə Nazirliyinə müraciət edərək sanksiyaların qüvvəyə minmə tarixinin təxirə salınmasını istəyib. Bu barədə Reuters agentliyi mənbələrə istinadən xəbər verir.
Məlumata görə, əməliyyatların dayandırılması üçün son müddət 21 noyabrda bitir. Jurnalistlərin yazdığına əsasən, “Lukoil” öhdəliklərini tamamlaması və aktivlərlə bağlı təklifləri nəzərdən keçirməsi üçün əlavə vaxt istəyib.
Oktyabr ayında ABŞ və Böyük Britaniya “Lukoil”i sanksiya siyahılarına daxil edib. ABŞ sanksiyaları Kaspiy Boru Kəməri Konsorsiumu və Tengizchevroil ilə əməliyyatlara, Britaniya sanksiyaları isə Karaçaganak və Şahdəniz layihələrinə şamil olunmur.
Bundan sonra Rusiya şirkəti xaricdəki aktivlərini satmaq niyyətində olduğunu açıqlayıb.

