ABŞ Maliyyə Nazirliyi üzərində Prezident Donald Trampın təsviri olan 250 dollarlıq yeni əsginasın maketini hazırlayır. Nazirlik bunun üçün Konqresin mövcud qanunvericiliyə dəyişiklik etməsi ilə bağlı qərarını gözləyir.
Bu barədə ABŞ maliyyə naziri Skott Bessent Ağ Evdə keçirilən brifinqdə bildirib.
Bessentin sözlərinə görə, hazırkı qaydalar həyatda olan şəxslərin portretlərinin valyuta üzərində yerləşdirilməsini qadağan edir. Lakin Kapitoli təpəsində ABŞ-ın 250 illik yubileyi münasibətilə buraxılacaq xüsusi seriya üçün istisna nəzərdə tutan qanun layihəsi müzakirə olunur.
Sənəd respublikaçı konqresmen Co Uilson tərəfindən təqdim edilib və 2025-ci ilin fevralından Nümayəndələr Palatasının maliyyə xidmətləri komitəsindədir.
Bessent vurğulayıb ki, Maliyyə Nazirliyi prosesi əvvəlcədən hazırlayır, lakin bütün addımlar qanun çərçivəsində atılacaq.
Uilsonun nümayəndəsi NBC Newsa bildirib ki, konqresmen qanun layihəsinin irəlilədilməsi ilə bağlı komitə sədri Frenc Hill ilə danışıb və Maliyyə Nazirliyi ilə Ağ Evdən dəstək alıb.
Respublikaçılar Partiyasındakı mənbələrə görə, sənəd dinləmələrin keçirilməsi üçün ilkin razılaşdırmadan keçib.
Layihə təsdiqlənərsə, yeni əsginas daha geniş yubiley təşəbbüsləri paketinin bir hissəsi olacaq. Mart ayında nazirlik yeni kağız pul seriyalarına Trampın imzasının daxil ediləcəyini açıqlamışdı. Bu isə fəaliyyətdə olan prezident üçün ilk belə hal olacaq.

