İdxal olunan heyvanların daşınması ilə bağlı yeni tələblər tətbiq ediləcək
Azərbaycana idxal olunan heyvanların daşınması ilə bağlı yeni tələblər müəyyənləşdirilir.
Bu barədə Baku TVnin videomaterialında məlumat verilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) açıqlamasına görə, ölkəyə gətirilən heyvanlar yalnız ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınmalıdır. İstifadə olunan avtomobillər Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Quru Heyvanlarının Sağlamlığı Məcəlləsinin tələblərinə uyğun olmalıdır.
Yeni qaydalar tam şəkildə 2027-ci ildən qüvvəyə minəcək. Həmin vaxta qədər heyvanların uyğunlaşdırılmış avtomobillərlə daşınmasına yalnız bir səviyyədə icazə veriləcək.
Bu dövrdə maksimum yüklənmə 60 baş iribuynuzlu və 150 baş xırdabuynuzlu heyvan həcmində müəyyənləşdiriləcək. Başqa sözlə, heyvanların ölkəyə əvvəlki sayda daşınması artıq mümkün olmayacaq.
Qeyd edək ki, Azərbaycanda ətə olan daxili tələbatın bir hissəsi idxal hesabına ödənilir. 2025-ci ildə ölkəyə 115 301 baş iribuynuzlu, 306 591 baş xırdabuynuzlu heyvan gətirilib.
İqtisadçı Xalid Kərimli hesab edir ki, yeni tələblər idxal məhsullarının qiymətinə təsir göstərə bilər.
“Bu dəyişiklik bir baş heyvanın daşınma xərcinin artmasına səbəb olacaq. Təbii ki, bu da idxal qiymətlərinə təsir edəcək. İdxalçılar və satıcılar artan logistika xərclərini məhsulun maya dəyərinə daxil edəcəklər”, - deyə o bildirib.
Mütəxəssisin sözlərinə görə, diri heyvan idxalının artdığı bir dövrdə nəqliyyat xərclərinin yüksəlməsi daxili bazarda ətin qiymətində müəyyən artıma səbəb ola bilər.
AQTA isə vurğulayıb ki, yeni tələblər heyvan sağlamlığının qorunması, yoluxucu xəstəliklərin yayılma riskinin azaldılması və heyvan rifahının təmin edilməsi məqsədi daşıyır.
Agentlik sahibkarları fəaliyyətlərini yeni qaydalara uyğunlaşdırmağa çağırıb.

