ABŞ Konqresinin bir qrup senatoru Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan yeni qanun layihəsinin irəli aparılması ilə bağlı Donald Tramp administrasiyası ilə razılığa gəldiklərini açıqlayıb.
Yazılı bəyanatı senatorlar Cin Şahin, Riçard Blumental, Rocer Uiker və Lindsi Qrem yayıblar. Onlar ABŞ-ın iki əsas siyasi qüvvəsini — Respublikaçılar və Demokratlar partiyalarını təmsil edirlər.
Senatorların sözlərinə görə, Rusiya əleyhinə sanksiyalar haqqında qanun layihəsinin yenilənmiş variantı ilə bağlı Ağ Evlə razılıq əldə olunub. Qanunvericilər sənədi yaxın vaxtlarda təqdim etməyi planlaşdırdıqlarını bildiriblər.
Söhbət ilk dəfə 2025-ci ilin aprelində irəli sürülən qanun layihəsindən gedir. Təşəbbüsün əsas müəllifləri arasında Lindsi Qrem və Riçard Blumental yer alır.
Sənəd Rusiyanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyaların tətbiqini nəzərdə tutur. Təklifə əsasən, Rusiyadan neft, qaz, uran və digər məhsullar alan ölkələrdən ABŞ-a idxal olunan mallara 500 faizlik gömrük rüsumunun tətbiqi mümkün ola bilər.

