ABŞ Demokratlar Partiyasının nümayəndələri senator Lindsi Qremin Moskva və onun tərəfdaşlarına qarşı yeni sanksiyalarla bağlı qanun layihəsinə səs verməyə hazırdırlar.
Bu barədə Axios portalı məlumat yayıb.
Sənəd Rusiyadan ABŞ-a birbaşa idxala 500 faizə qədər gömrük rüsumunun tətbiqini nəzərdə tutur. Qanun layihəsinə əsasən, ABŞ prezidentinə Rusiya enerji resurslarını ən çox alan ölkələrə qarşı 100 faizə qədər gömrük rüsumu tətbiq etmək səlahiyyəti də verilə bilər.
Məlumata görə, demokratlar respublikaçı həmkarlarına bildiriblər ki, onlar artıq gələn həftə antirusiya sanksiyaları paketinə səs verməyə hazırdırlar. Paketə son anda prezident Donald Trampın tələbi ilə İranın da daxil edilməsi nəzərdə tutulur.
Bildirilib ki, Senatda bəzi demokratlar yeni qanuna qarşı çıxırlar. Lakin onların sayı sənədin qəbulunun qarşısını almaq üçün kifayət etmir.
Senator Rend Pol isə Qremin qanun layihəsini tənqid edib. Onun fikrincə, bu təşəbbüsün maliyyə yükü sonda Amerika xalqının üzərinə düşəcək.
Pol həmçinin hesab edir ki, belə gömrük rüsumlarının tətbiqi ABŞ və Çin arasındakı münasibətlərin daha da pisləşməsinə səbəb ola bilər.

