İranla ticarətə tam qadağanın tətbiqi dünya iqtisadiyyatında ciddi qeyri-sabitliyə səbəb ola bilər.
“The New York Times”ın yazdığına görə, belə genişmiqyaslı məhdudiyyətlərin həyata keçirilməsi əlavə iqtisadi çətinliklər yaradacaq. Nəşr qeyd edir ki, İranın əsas ticarət tərəfdaşlarının əməkdaşlığı olmadan sanksiyalardan gözlənilən nəticəni əldə etmək çətin olacaq.
ABŞ administrasiyası avqustun 24-də İrana qarşı iqtisadi təzyiqi kəskin şəkildə artırmaq planını açıqlayıb. Maliyyə naziri Skott Bessent Vaşinqtonun Tehranla iqtisadi əlaqələri davam etdirən ölkə və şirkətlərə qarşı ikinci dərəcəli sanksiyaların əhatəsini genişləndirəcəyini bildirib.
Bessent xəbərdarlıq edib ki, İranın maliyyə əməliyyatlarına və neft gəlirlərinin əldə edilməsinə kömək edən qurumlar ABŞ dolları ilə işləyən maliyyə sistemindən kənarlaşdırıla bilər. Yeni sanksiya riskləri rəqəmsal aktivlər, qızıl, texnologiya, aviasiya və gəmiçilik sektorlarını da əhatə edir.
Bununla belə, ABŞ hələlik ən sərt tədbirləri dərhal tətbiq etməyib. Bessent ölkələrə İranla iqtisadi əlaqələrini dayandırmaq üçün müəyyən vaxt veriləcəyini bildirərək sərt tədbirlərin qlobal maliyyə sisteminə zərbə vurmasının qarşısını almaq istədiklərini vurğulayıb.
Bu siyasətin qarşısındakı ən böyük maneələrdən biri Çindir. Pekin İranın əsas neft alıcılarından biridir və artıq ABŞ-nin mümkün ikinci dərəcəli sanksiyalarına qarşı öz iqtisadi maraqlarını qoruyacağını bildirib.

