Fransanın Tuluza şəhərində bıçaqlı kişi patrul zamanı iki polis əməkdaşına hücum edib, 20 Minutes xəbər verir.
Məlumata görə, hadisə ötən axşam şəhərin mərkəzində, Austerlitz küçəsində baş verib. Polis əməkdaşları hücum edən şəxsi gözyaşardıcı qazdan istifadə etməklə zərərsizləşdiriblər, daha sonra o saxlanılıb.
Hücum nəticəsində hər iki polis əməkdaşı xəsarət alıb. Onlardan biri qol və boyun nahiyəsindən yaralanıb, digərinin isə dirsəyi zədələnib.
Hadisədən sonra Tuluza meri Jan-Lük Mudenk sosial şəbəkədə yazıb ki, kişi hücum zamanı terror xarakterli bəyanatları xatırladan ifadələr səsləndirib.
İyun ayında isə 82 yaşlı təqaüdçü Fransa Prezidenti Emmanuel Makronun guya inqilab nəticəsində devrildiyinə inanaraq bunu qeyd etmək üçün tüfənglə küçəyə çıxmışdı.
Nojan-le-Rotru şəhərinin sakini “Bu, inqilabdır” və “Makron devrilib” ifadələrini təkrarlayırdı. Kişinin həyat yoldaşı jandarmaya zəng edib.
Hadisə yerinə gələn beş hüquq-mühafizə əməkdaşı təqaüdçünü bağda, sidr ağacının arxasında əlində tüfənglə onları gözləyən vəziyyətdə aşkar edib.
Jandarmlar onunla danışaraq yaxınlaşmağa başlayanda kişi onların istiqamətində üç dəfə atəş açıb və iki hüquq-mühafizə əməkdaşını ayaqlarından yaralayıb.
Daha sonra təqaüdçü evin zirzəmisində gizlənib. Onun əlində güllə ilişib qalıb. İlk atəşdən dörd saat sonra kişi müqavimət göstərmədən təslim olub.

