“Miss World Macau 2021” gözəllik müsabiqəsinin iştirakçısı Afina Liya — əsl adı Konq Limey — yoxa çıxmasından üç il sonra ölü tapılıb, Mothership xəbər verir.
İstintaqın ilkin versiyasına görə, gənc qadının qaçırılmasında onun yaxın rəfiqəsinin rolu ola bilər.
Məlumata əsasən, 2023-cü ildə rəfiqəsi modeli Filippinə dəvət edib. Səfərin bahalı oteldə istirahət və çimərlik fotosessiyası üçün olduğu bildirilib. Qadın həmçinin sevgilisindən ayrıldıqdan sonra dəstəyə ehtiyacı olduğunu deyərək Afina Liyanı özü ilə getməyə razı salıb.
Lakin model Filippinə çatdıqdan dərhal sonra qaçırılıb və otelə gedə bilməyib. İstintaqçılar hesab edirlər ki, qaçırılma məhz rəfiqəsinin verdiyi məlumat əsasında təşkil olunmuş ola bilər.

Afina Liyanın ailəsi onu axtardığı müddətdə rəfiqəsinin ABŞ-yə qaçdığı bildirilir. İddiaya görə, o və digər şəxslər modelin sosial şəbəkə hesablarını idarə etməyə davam edib, saxta mesajlar göndərib və paylaşımlardan gəlir əldə ediblər.
Onlar qadının yoxa çıxmasını guya borcları ilə əlaqələndiriblər.
Araşdırma davam edir.
Konq Limey “Miss World Macau 2021” müsabiqəsində üçüncü yeri tutmuşdu.

