ABŞ-ın Corciya ştatında keçmiş gözəllik kraliçası qətl ittihamı ilə həbs olunub. Bu barədə Court TV məlumat yayıb.
20 yaşlı Triniti Medison Pouq ömürlük həbs cəzasına məhkum edilib. O, yalnız 30 ildən sonra şərti azadlığa buraxılma hüququ qazana bilər.
İttihama görə, Pouq 2024-cü ilin yanvarında sevgilisi Culian Uilyamsın 18 aylıq oğlunun ölümünə səbəb olub. Uşaq xəstəxanaya ağır xəsarətlərlə çatdırılıb və həkimlər onu xilas edə bilməyiblər (detallar açıqlanmır).
Vəkillər əvvəlcə uşağın divandan yıxıldığını iddia etsələr də, məhkəmə bu versiyanı qəbul etməyib. Prokurorluğun məlumatına görə, Pouq Uilyamsla evlənmək istəyirdi, lakin “başqasının uşağının məsuliyyətini” istəmirdi.
“Bu səbəbdən uşağı aradan qaldırmağa qərar verib” — ittiham tərəfi bildirib.
Hadisədən əvvəl Pouq bir neçə gözəllik müsabiqəsində iştirak edib və 2023-cü ildə Donalsonvil şəhərinin ən gözəl qızı seçilib.

