Məşhur israilli prodüser və “Tehran” serialının ideya müəllifi Dana İden 52 yaşında vəfat edib. Hadisə serialın dördüncü mövsümünün çəkilişləri aparılan Yunanıstan ərazisində baş verib.
İsrail mətbuatında yayılan ilkin məlumatlarda Afina hüquq-mühafizə orqanlarının İran xüsusi xidmət orqanlarının mümkün müdaxiləsi versiyasını araşdırdığı bildirilirdi. Xatırladılır ki, İran dövlət mediası əvvəllər serialı tənqid etmişdi.
Lakin sonradan İsrailin 12-ci televiziya kanalı bu iddiaları təkzib edərək onları “feyk xəbər” adlandırıb və rəsmi məlumatlarda İran tərəfindən zorakı müdaxiləyə dair heç bir qeyd olmadığını vurğulayıb.
Yunanıstan mediasının məlumatına görə, prodüserin cəsədi Afinadakı hotellərin birində tapılıb. Bildirilir ki, onu qardaşı aşkarlayıb. Məlumatda bədəndə göyərmələrin olduğu və otaqda dərman preparatlarının tapıldığı qeyd olunur. İstintaqın ilkin mərhələsində intihar versiyasının araşdırıldığı bildirilir.
“Tehran” serialının istehsalı ilə məşğul olan Donna and Shula Productions studiyası Dana İdenin ölümünün zorakı xarakter daşıması ilə bağlı yayılan məlumatları təkzib edib.
“İstehsal şirkəti aydın şəkildə bildirir ki, ölümün cinayət və ya milli nifrət zəminində baş verməsi ilə bağlı şayiələr həqiqətə uyğun deyil və əsassızdır”, – deyə rəsmi açıqlamada qeyd olunur.
Şirkət nümayəndələri jurnalistləri və ictimaiyyəti təsdiqlənməmiş versiyaların yayılmamasına çağırıb və bu ağır dönəmdə mərhumun ailəsinin və yaxınlarının şəxsi həyatına hörmət göstərilməsinin vacibliyini vurğulayıblar.

