Adanada yaşayan 40 yaşlı dörd uşaq anası Saide G. gözəllik mərkəzində etdirdiyi “prenses dəri baxımı”ndan sonra üzündə ikinci dərəcəli yanıq yarandığını iddia edib.
Hadisənin Çukurova rayonunun Mahfesığmaz məhəlləsində yerləşən gözəllik salonunda baş verdiyi bildirilib.
İddiaya görə, prosedurdan sonra üzündə yanıq izləri yaranan qadın evə göndərilib.
Evə qayıtdıqdan sonra ağrılara dözə bilməyən Saide G. gecə saatlarında Adana Şəhər Təhsil və Araşdırma Xəstəxanasına müraciət edib.
Həkimlər ona ikinci dərəcəli yanıq diaqnozu qoyublar.

Bundan sonra qadın polisə müraciət edərək gözəllik mərkəzindən və proseduru həyata keçirən əməkdaşdan şikayətçi olub.
Saide G. bildirib ki, salon əvvəlcə ona “keçmiş olsun” deyərək telefonu bağlayıb, daha sonra isə yalnız polisə şikayət etdikdən sonra əlaqə saxlayıb.
Gözəlləşmək üçün getdim, amma üzüm yanmış halda evə qayıtdım, — deyə o bildirib.
Qadın həmçinin proseduru həyata keçirən şəxsin mütəxəssis olmadığını iddia edib.
Onun sözlərinə görə, iki yaşlı oğlu üzünü görəndə qorxaraq ondan qaçıb.

