Braziliya polisi Miss Cosmo Brazil müsabiqəsinin iştirakçısı Ana Luiza Mateus və onun sevgilisi Endreo Cunhanın ölümü ilə bağlı araşdırmanı davam etdirir. Hadisə Rio-de-Janeyroda baş verib və qısa müddətdə ölkədə rezonans doğurub.
29 yaşlı Ana Luiza Mateus aprelin 22-də yaşadığı binanın qarşısında həyatını itirmiş vəziyyətdə tapılıb. Tibbi ekspertiza onun hündürlükdən yıxılaraq ağır xəsarətlər aldığını təsdiqləyib.
İstintaq ilkin olaraq belə qənaətə gəlib ki, qadın 13-cü mərtəbədən atılıb.
Hadisədən sonra onun sevgilisi Endreo Cunha saxlanılıb. Lakin bu iş bununla bitməyib.
Qısa müddət sonra Cunha həbsxanada ölü tapılıb. Rəsmi versiyaya görə, bu hadisənin intihar olması ehtimal edilir, amma araşdırma hələ tamamlanmayıb.
Rəsmi qurumlar hadisənin detalları barədə məlumat verməkdən imtina edir.
Məsələnin daha da mürəkkəbləşməsinə səbəb olan detal isə şahid ifadələridir. Yerli mediaya danışan şəxslər bildirib ki, hadisədən bir gün əvvəl — aprelin 21-də cütlük arasında ciddi mübahisə yaşanıb.
Ana Luiza Mateus yalnız gözəllik müsabiqəsi iştirakçısı deyildi. O, eyni zamanda tanınmış psixoloq və bloqer kimi də fəaliyyət göstərirdi. 2026-cı ilin sonunda isə doğulduğu Baia ştatını Miss Cosmo Brazil yarışmasında təmsil etməyə hazırlaşırdı.

