Britaniya kral ailəsinin üzvlərinə tibbi xidmət göstərən 45 yaşlı həkim Hannah Terry Norfolkdakı Sandringham kral iqamətgahının yaxınlığında yerləşən evində ölü tapılıb.
Bu barədə The Sun məlumat yayıb. Hadisə oktyabrın 4-də baş verib. Həkimin həyat yoldaşı Mark Cain onun qətlində ittiham olunaraq saxlanılıb.
Məhkəmədə açıqlanan ilkin ekspertiza nəticələrinə görə, Hannah Terry başının sağ nahiyəsindən küt alətlə zərbə alıb. Həmçinin boyun nahiyəsinin sıxılması ehtimalına işarə edən xəsarətlər müəyyən edilib.
Hannah Terry peşəkar fəaliyyətində bu adla tanınsa da, evlilik soyadı Hannah Cain olub. O, Grimston Medical Centre-da çalışıb və Sandringham yaxınlığında olduqları müddətdə kral ailəsinin üzvlərinə çağırış əsasında xidmət göstərən həkimlər qrupuna daxil olub.
The Sun-un məlumatına görə, həkim kraliça Kamillaya da tibbi xidmət göstərib. Kral III Çarlz və kraliça Kamillanın onun ölümü barədə məlumatlandırıldığı bildirilir.
Mark Cain Norviç Magistrat Məhkəməsinə çıxarılıb və həbsdə saxlanılıb. İş üzrə araşdırma davam edir.

