Keçmiş York hersoqu Endryu yenidən qalmaqalın mərkəzinə düşüb. Marie Claire yazır ki, ona qarşı yeni məhkəmə iddiası hazırlanır və bu dəfə keçmiş şahzadə yenidən harrassment ittihamı ilə üz-üzə qala bilər. Nəşrin məlumatına görə, iddia 2002-ci ildə baş verdiyi deyilən hadisə ilə bağlıdır.
Məlumata əsasən, hadisənin Berkşirdə keçirilən at yarışları zamanı yaşandığı iddia olunur. Şikayətçi qadın həmin vaxt kral lojasında xidmət göstərdiyini və Endryunun ona qarşı uyğunsuz davranış sərgilədiyini bildirir. Həmin tədbirdə mərhum kraliça II Elizabetin də iştirak etdiyi qeyd olunur.
Bu iddia Endryu ətrafında illərdir davam edən qalmaqallar fonunda yenidən diqqət çəkib. Daha əvvəl onun adı amerikalı maliyyəçi Ceffri Epşteyn ilə bağlı qalmaqallarda hallanmışdı. Məhz bu hadisələrdən sonra kral ailəsi Endryunun ictimai rolunu ciddi şəkildə məhdudlaşdırmışdı.
Hazırda söhbət məhkəmə qərarı ilə təsdiqlənmiş faktdan deyil, hazırlanan yeni iddia və irəli sürülən ittihamlardan gedir. Lakin yeni qalmaqal keçmiş şahzadənin reputasiyasına daha bir zərbə kimi qiymətləndirilir.

