Yaponiyanın Wakatori restoranının sahibi Yosihiro Tsutiya fritür üçün 66 illik yağdan istifadə etdiyini etiraf etdikdən sonra sosial şəbəkə istifadəçilərinin tənqidi ilə üzləşib.
Bu barədə Hidabroot yazır.
Milli qızardılmış toyuq müsabiqəsinin Qran-prisini qazanan restoran sanitar normaların pozulması ilə bağlı şübhələr fonunda qalmaqalın mərkəzinə düşüb.
Tsutiya bildirib ki, köhnə yağ toyuğa unikal dad verir. Onun sözlərinə görə, bu effekti yalnız təzə fritür yağı ilə əldə etmək mümkün deyil.

“Mən bu restoranın üçüncü nəsil nümayəndəsiyəm. Ailəm onilliklərdir eyni üsuldan istifadə edir — atadan oğula”, — deyə Tsutiya qeyd edib.
Tənqidlərdən sonra restoran sahibi izah edib ki, söhbət 1960-cı ildən bəri eyni yağın dəyişdirilmədən istifadəsindən getmir. Onun sözlərinə görə, hər iş gününün sonunda əməkdaşlar yağı diqqətlə süzür, qırıntıları və qida qalıqlarını təmizləyirlər.
Bundan sonra köhnə əsasın yalnız kiçik bir hissəsi saxlanılır və o, tamamilə təzə yağa “maya” kimi əlavə olunur. Məqsəd restoranın özünəməxsus dad profilini qorumaqdır.
Ekspertlər bildirirlər ki, yağ daim yenilənir və süzülürsə, bu qarışıq sosial şəbəkələrdə iddia edildiyi qədər təhlükəli olmaya bilər. Çünki yağın böyük hissəsi hər gün yenisi ilə əvəz olunur.
Bununla belə, bir çox ölkədə səhiyyə qurumları restoranlara yağın keyfiyyətinə nəzarət etməyi və yağ parçalanmağa başladıqda onu dəyişdirməyi tövsiyə edir.

