Türkiyə hökuməti restoran, kafe və digər ictimai iaşə obyektlərində məcburi əlavə ödənişlərin tutulmasını qadağan edib. Bu barədə Haberler nəşri məlumat yayıb.
Məlumata görə, söhbət indiyədək hesabda ayrıca göstərilən “servis haqqı”, “stol pulu” və “servirovka haqqı” kimi ödənişlərdən gedir. Yeni qərara əsasən, bu cür xərclər yemək və içkilərin menyuda göstərilən qiymətlərinə əvvəlcədən daxil edilməlidir.
Qərarda vurğulanır ki, menyuda əks olunmadan istənilən adda əlavə ödənişin tutulması qanun pozuntusu hesab ediləcək.
Haberler yazır ki, sənəd eyni zamanda ictimai iaşə obyektlərini menyuda və qiymət cədvəllərində bütün mümkün əlavə xərcləri açıq şəkildə göstərməyə məcbur edir. Məqsəd müştərinin sifariş verməzdən əvvəl yekun məbləği dəqiq bilməsidir.
Yeni qaydalar qiymətlərin şəffaflığının artırılması və istehlakçı hüquqlarının qorunması məqsədi daşıyır.

